“Zamanlar arasında”: teoloji hermenevtika tarixindən
Abstrak
Birinci Dünya müharibəsi və onun nəticələri Almaniyada yalnız siyasi və sosial istiqamətlərdə deyil, həmçinin din sahəsində də böhrana səbəb olmuşdu. Teoloq F.Qoqarten 1920-ci ildə qələmə aldığı məqaləsinin başlığına çıxardığı “zamanlar arasında” ifadəsi ilə sözügedən mənəvi-ruhani böhranı səciyyələndirmişdi. “Zamanlar arasında” anlayışı Allahın dərk olunmasında yaranmış böhrandan məyusluğu, eyni zamanda, bu şəraitdən çıxmağa ümidi ehtiva edirdi. Çıxış yolu isə ilahi sözün təfsirini Allah və insan arasında dialoq məcrasına yönəldən dialektik, yaxud böhran teologiyası oldu. Dialektik teologiya liberal teologiyaya reaksiya olaraq yaranmışdı. Bununla da o, protestant teologiyasında yeni qeyri-ortodoksal meyillərin yaranmasına təkan vermiş, teoloji hermenevtikanı ontoloji müstəviyə keçirib onun inkişafını yeni səmtə yönəltmişdir. Məqalədə bu nəzəriyyənin məşhur nümayəndələri, – protestant filosoflar, – Karl Bart, Rudolf Bultman, Herhard Ebelinq və digərlərinin hermenevtik konsepsiyalarının özəllikləri təhlil edilir. K.Bart vəhyin dərk olunmasını imanın gücü və İlahi ruhun köməyi ilə Bibliyanın daxili sözünü eşitmək kimi başa düşürdüsə, Bultman onu keçici tarixi şərtlərin öyrənilməsi və tənqid olunması vasitəsilə ekzistensial təfsirdə görür, bu yolla Əhdi-Ətiqi miflərdən təmizləməyə çalışırdı. Ebelinq isə ümumiyyətlə, bütün ilahiyyatın anlayışlar sistemini dəyişib təzələməyə çağırırdı. Donald G.Bloş xristoloji hermenevtikanın tərəfdarı kimi çıxış edir, Bibliyanı, ilk növbədə, İsa Məsihin xaçı işığında anlamağın mümkün olduğunu göstərirdi. Müəllifin fikrincə, bütün bu konseptləri birləşdirən əsas cəhət ilahi sözün aktuallaşdırılması, onu yeni təfsirlər vasitəsilə müasir dilə çevirib, anlaşıqlı etmək səyləridir ki, proses bu gün də davam edir.
Topik & Kata Kunci
Penulis (1)
Arzu Hacıyeva
Akses Cepat
PDF tidak tersedia langsung
Cek di sumber asli →- Tahun Terbit
- 2024
- Sumber Database
- DOAJ
- DOI
- 10.30546/3006-2772.2011.046
- Akses
- Open Access ✓